Azərbaycan ənənəvi evləri
Azərbaycan ənənəvi evləri — azərbaycanlıların tarixən, ənənəvi üsulları istifadə edərək inşa etdikləri evlər.
Qazma və ya pəyə evlər (Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində adlandırdıqları kimi) dağlıq bölgələrdə son dövrlərə qədər qalmışdır. Düzbucaqlı plana malikdir və tikilməsi rahatdır. Bu evlərin arxa və yan divarları qazma nəticəsində torpaqdan ibarət olur, qabaq tərəfi ilə daş hörgü ilə bağlanır. Tavan dirəklər vasitəsilə düzəldilir. Bağ mövsümündə Nügədi, Rustov, Çiçi, Səbətlər kimi meyvəçiliyin böyük rol oynadığı kəndlərin əhalisi müvəqqəti olaraq bağa köçmək üçün belə evlər (qazma ev) tikərdilər. Pəyəbaşı tipli tikililər pəyə və qaradam evləri arasında aralıq növ təşkil edir, bir tavanın altında həm yaşayış evi, həm də mal-qara yerləşirdi.
Azərbaycanlılar və digər qafqazlılar üçün qaradam evləri xarakterikdir. Müxtəlif regionlarda "öylük", "şeşə öylük", "pəyəbaşı" (Xanlar), "qara ev", "dörddirək ev", "xaçkərənli ev", "evdamı", "qış damı", "qış evi" (Naxçıvan), "evdamı" (Kəlbəcər), "dam" (Qubadlı), "çardaxlıdam", "beşikdam", "öydamı", "dam" (Borçalı) kimi tanınır. XVIII əsrdən XX əsrin əvvəllərinə qədər qaradam evləri əsasən Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisində, qismən Dağlıq Qarabağ və Naxçıvanda mövcud idi.